Vəsiyyətnamənin forması

Notariat forması

Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

Vəsiyyətnamənin notarius tərəfindən yazılması

Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

Notariusa bərabər tutulan şəxslər 

Vəsiyyətnamə təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulurlar:

  • xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrininbaş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri – əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa;
  • axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi – əgər vəsiyyət edən belə ekspedisiyadadırsa;
  • dəniz və ya hava gəmisinin kapitanı – əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə;
  • hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi) – əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə;
  • azadlıqdan məhrumetmə yerinin rəisi – əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə.

Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması 

Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

Lal-kar və kor şəxsin vəsiyyətnaməsi

Əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.

Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.

Əgər vəsiyyət edən lal-kar-kordursa və ya lal-kar-kor və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.

Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır.

Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir.

Vəsiyyətnamə sirri 

Notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər.

Ev vəsiyyətnaməsi 

Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

Vəsiyyətnamənin depozitə qoyulması 

Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.

Vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtibi 

Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.

Qapalı vəsiyyətnamə 

Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar.

Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.

Əlaqəli yazılar

Vəsiyyət üzrə vərəsəlik

admin

Vərəsəliyin əsasları və subyektləri

admin

Ləyaqətsiz vərəsə

admin