Vəsiyyət üzrə vərəsəlik

Vəsiyyət anlayışı

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

Vəsiyyət edə bilən şəxs

Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi

Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər.

Vəsiyyət edənin payları müəyyənləşdirməsi

Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar.

Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.

Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.

Yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr olduqda, əgər vəsiyyət üzrə hər bir vərəsənin öz payı müəyyənləşdirilmişdirsə, lakin onların hamısının payları birlikdə götürüldükdə mirası tam əhatə etmirsə, onların payları mütənasib surətdə artırılır.

Vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə

Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.

Əlaqəli yazılar

Vərəsəliyin əsasları və subyektləri

admin

Mirasın qəbul edilməsi

admin

Ləyaqətsiz vərəsə

admin