Vərəsəlik anlayışı

Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Vərəsələr

Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.

Ləyaqətsiz vərəsə

Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.

Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir.

Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.

Əlaqəli yazılar

Mirasın qəbulu

admin

Mirasda məcburi pay

admin

Qanun üzrə vərəsələr

admin