Şübhəli şəxsin hüquqları

Şübhəli şəxs qismində aşağıdakı fiziki şəxs tanınır:

  • ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs;
  • cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs;
  • haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs.

Cinayət prosesini həyata keçirən orqan aşağıdakı müddətlərdə şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil:

  • tutulmuş şəxsi — 48 saatdan artıq
  • həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi — qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq.

Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs aşağıdakı hüquqları həyata keçirir:

  • nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu — ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi);
  • tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;
  • tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq;
  • tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;
  • tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq;
  • tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək;
  • müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;
  • söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;
  • müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək;
  • ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək;
  • ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;
  • tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
  • etirazlar etmək və vəsatətlər vermək;
  • istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, həmin hərəkətlərdə iştirakdan imtina etmək;
  • öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;
  • cinayət işinə əlavə olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
  • cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;
  • iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən qeyd olunması zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
  • cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq;
  • təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən şikayət etmək, habelə özünün və ya müdafiəçinin verdiyi şikayətdən imtina etmək;
  • zərər çəkmiş şəxslə barışmaq;
  • cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
  • şübhə təsdiq olunmadıqda bəraət almaq;
  • CPM-də, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundanəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Şübhəli şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün dərəcədə CPM-də müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.

Əlaqəli yazılar

İnzibati işlərdə dövlət hesabına hüquqi yardım

admin

Təqsirləndirilən şəxsin hüquqları

admin

Məhkəmədə nümayəndəlik

admin