Övladlığa götürmə

Övladlığa götürülməsinə yol verilən uşaqlar

Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Övladlığa götürmə qaydası

Övladlığa götürmə üç mərhələdə həyata keçirilir:

  • övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
  • övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
  • övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:

  • övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
  • övladlığa götürmək istəyən şəxslərin təlimlərə cəlb edilməsi;
  • övladlığa götürmək istəyən şəxsə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
  • övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
  • övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır.

Görüşün (görüşlərin) nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddəti ilə yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir. Uşaq övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində müvafiq icra hakimiyyəti orqanı və övladlığa götürmək istəyən şəxs (şəxslər) arasında bağlanmış müqavilə əsasında yerləşdirilir.

Sosial işçi uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin monitorinqini aparır. Monitorinqin nəticəsi mənfi olduqda uşaq sosial xidmət müəssisəsinə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən reabilitasiya tədbirləri görülür.

 Müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir. Rəy müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən reabilitasiya tədbirləri görülür.

Övladlığa götürmək hüququ olan şəxslər

Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan  müəyyən edilən tələblərə cavab verən şəxs (şəxslər) övladlığa götürən ola bilərlər:

  • məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
  • məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
  • qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
  • əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
  • səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
  • məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
  • barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
  • ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).

Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) dair yaş tələbləri

Ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.

Ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Əlaqəli yazılar

Övladlığa götürmə

admin

Aliment necə təyin olunur?

admin

Ər-arvadın hüquq və vəzifələri

admin