Nikaha xitam verilməsi

Nikaha xitam verilməsinin əsasları

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda. 

Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.

Nikahın məhkəmə qaydasında pozulması

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması

Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası

Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

Əlaqəli yazılar

Ailə və nikah

admin

Övladlığa götürmə

admin

Nikah müqaviləsi nədir və necə bağlanır?

admin