Məhkəmədə nümayəndəlik

Hər bir şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.

Şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər.

Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz.

Qanuni nümayəndələr

Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.

Müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş hesab edilmiş fiziki şəxsin iştirak etməli olduğu iş üzrə xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizə və idarə olunması üçün təyin edilmiş qəyyum həmin şəxsin nümayəndəsi qismində çıxış edir.

Ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir.

Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər.

Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi

Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.

Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir.

Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.

Nümayəndənin səlahiyyəti

Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

Nümayəndənin səlahiyyətinə xitam verilməsi

İşdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər.

Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir.

Əlaqəli yazılar

Cinayət və inzibati işlərdə dövlət hesabına hüquqi yardım

admin

Müdafiə hüququ

admin

Mülki işlərdə hüquqi yardım

admin