Cinayət işlərində dövlət hesabına hüquqi yardım

Cinayət işlərində hüquqi yardım almaq hüququna şübhəli və ya təqsirləndirilən şəxslər malikdirlər. Cinayət Prosesual Məcəlləsinin (CPM) 19.4-cü maddəsi cinayət prosesini həyata keçirən orqanın üzərinə şübhəli və ya təqsirləndirilən şəxsin pulsuz hüquqi yardım almaq hüququnun təmin edilməsi öhdəliyini qoymuşdur. CPM-in 193.2 maddəsində nəzərdə tutulur ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu qanunvericiliklə nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

CPM-in 92.3.2- 92.3.13-cü maddələrində göstərilən aşağıdakı hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edib-etməməsindən asılı olmayaraq müdafiəçinin iştirakı təmin edilməlidir:

  • şübhəli və ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə;
  • cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə;
  • şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə;
  • şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda;
  • təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;
  • şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;
  • şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə;
  • şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;
  • cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;
  • təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda;
  • cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə;
  • şübhəli və ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda;
  • ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi müəyyən edilmədikdə;

ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə.

Əlaqəli yazılar

Mülki işlərdə dövlət hesabına hüquqi yardım

admin

İnzibati işlərdə dövlət hesabına hüquqi yardım

admin

Müdafiə hüququ

admin