Ər-arvadın mülkiyyətinin müqavilə rejimi

Nikah müqaviləsi və onun məzmunu

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.

Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.

Nikah müqaviləsinin bağlanma qaydası

Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi

Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər.

Əlaqəli yazılar

Ər-arvadın şəxsi hüquq və vəzifələri

admin

Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri

admin

Aliment necə təyin olunur?

admin